
ASB-də ənənəvi Korporativ İftar Tədbiri keçirildi.
Ramazan ayı münasibətilə ASB-də ənənəvi
Korporativ İftar Tədbiri təşkil olundu. Müqəddəs ayın mənəvi dəyərlərini və
birlik ruhunu əks etdirən bu tədbir, əməkdaşların bir araya gələrək səmimi
mühitdə ünsiyyət qurmasına və kollektiv bağların daha da möhkəmlənməsinə töhfə
verdi.
Tədbir çərçivəsində iştirakçılar üçün
xüsusi iftar süfrəsi təşkil olundu. Zəngin və zövqlə hazırlanmış süfrə ətrafında
əməkdaşlar oruclarını birlikdə açaraq Ramazan ayının paylaşma və həmrəylik
ruhunu birlikdə yaşadılar. Səmimi söhbətlər və xoş ünsiyyət tədbirə xüsusi bir
istilik qatdı.
İftar mərasimindən sonra tədbir çay süfrəsi
ətrafında davam etdi. Bu hissədə iştirakçılar üçün maraqlı və interaktiv mini
masterclass təşkil olundu. Masterclass zamanı bütün zəruri ləvazimatlar əvvəlcədən
təmin edildi və iştirakçılar yaradıcı fəaliyyətə cəlb olundular. Onlar öz əl
işlərini hazırlayaraq həm xoş vaxt keçirdilər, həm də yaradıcılıqlarını nümayiş
etdirmək imkanı qazandılar.
Tədbirin sonunda hazırlanmış işlər
iştirakçılara xatirə olaraq təqdim olundu. Bu isə tədbirin yalnız birgə keçirilən
vaxtla məhdudlaşmayaraq, uzun müddət yadda qalacaq xoş xatirələr yaratmasına şərait
yaratdı.
Ümumilikdə, ənənəvi Korporativ İftar Tədbiri
ASB-də həm mənəvi dəyərlərin yaşadılması, həm də kollektiv daxilində birlik və
motivasiyanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdı.



